THE BIBLE

Vaiz 6

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb:

2adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir.

3Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.

4Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir.

5Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur.

6Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?

7İnsan bütün zəhməti Qarnı üçün çəkir, Amma yenə də iştahası bitib-tükənmir.

8Hikmətli adamın ağılsızdan Nə üstünlüyü var? Yoxsul başqa insanlarla Necə rəftar etməyi bilsə də, Bunun ona nə faydası var?

9Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

10Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz.

11Sözün çoxluğu puçluğu çoxaldır. Bunun insana nə faydası var?

12Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.