THE BIBLE

Zəbur 26

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Davudun məzmuru. Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm.

2Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.

3Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.

4Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm,

5Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.

6Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram,

7Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm.

8Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.

9Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma.

10Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar.

11Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et!

12Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.