THE BIBLE

Zəbur 58

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?

2Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir.

3Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.

4Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.

5Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir.

6Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.

7Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın.

8İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.

9Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.

10Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq.

11İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.