THE BIBLE

Zəkəriyyə 2

Azərbaycan dilində Müqəddəs Kitab AZB

1Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm.

2«Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm».

3Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi

4və ona dedi: «Qaç, o cavana söylə ki, içində adamlar Və heyvanlar çox olduğu üçün Yerusəlim divarsız bir şəhər olacaq.

5“Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm, Onun içində izzət olacağam” bəyan edir Rəbb».

6«Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb, «Çünki sizi göydə dörd tərəfə əsən Külək kimi dağıtmışdım» deyir Rəbb.

7«Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!»

8Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.

9Mən o millətlərə qarşı əlimi qaldıracağam, Əsarətlərində olanlar onları qarət edəcək. Onda biləcəksiniz ki, Məni Ordular Rəbbi göndərmişdir.

10«Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb.

11«O gün çoxlu millətlər Rəbbə bağlanacaq, Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, Məni yanınıza Ordular Rəbbi göndərib.

12Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək.

13Ey bütün bəşər, Rəbbin önündə susun! Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»

Mətn mənbələri və istifadə

© 2008 Müqəddəs Kitab Sirkəti. Translated by Institute for Bible Translation. Bible Society of Azerbaijan. Source: eBible.org. Text unchanged; format converted to JSON. Noncommercial use only.

CC BY-NC-ND — see publisher notice

İlkin mənbə və müəllif hüquqları · Naşirin istifadə şərtləri

Tərcümələri müqayisə et

Tərcümələrdə ayələrin bölgüsü və nömrələri fərqli ola bilər.